Laboratoriya nəticələrinin etibarlılığı sadəcə müayinələrin yerinə yetirilməsi zamanı (analitik mərhələ) bütün qaydalara riayət etməklə təmin olunmur. Tədqiqatlar göstərir ki, tibbi laboratoriyalarda yanlış hesab edilən nəticələrin 48- 68 %-nin səbəbi müayinədən əvvəlki (preanalitik) mərhələlərdə buraxılan xətalardır.
1. Preanalitik mərhələ
Nəticələrin doğru və etibarlı olması:
• pasiyenti, nümunə alınmadan əvvəl, müayinəyə hazırlanmasından
• nümunənin müvafiq şərtlərdə alınmasından
• nümunəni müvafiq şərtlərdə saxlanmasından asılıdır.
Laboratoriyaya təqdim olunan material göstərişə müvafiq tələblərə uyğun olmalıdır.
Pasiyentin müayinəyə hazırlanması
Bu zaman qanın göstəricilərinə təsir göstərəcək amillər- yaş, cins, fiziki fəallıq, qidalanmanın xüsusiyyəti, hamiləlik, stress, zərərli vərdişlər, bədənin soyuması və s. faktorlar nəzərə alınmalıdır. Fizioterapevtik prosedurlardan, rentgenoloji müayinədən, alkoqol və narkotik qəbulundan dərhal sonra qanın götürülməsi məsləhət görülmür.
Nümunə alma prosedurları:
Dünyada bir çox müalicə-profilaktika müəssisələrində qanın götürülməsində BD VACUTAİNER sistemindən istifadə olunur. Sınaq şüşələri plastik və şüşə materialdan hazırlanıb, ölçü və həcmlərinə görə bir-birlərindən fərqlənirlər, içərisində xüsusi kimyəvi doldurucular mövcuddur, sterildir.
Nəticəyə təsir göstərə biləcək əsas preanalitik amillər:
Dərman qəbulu - dərmanların laborator test nəticələrinə təsiri müxtəlifdir və hər zaman proqnozlaşdırıla bilməz.
Yemək qəbulu - qida komponentlərinin sorulması sayəsində həm birbaşa təsir, həm də dolayı təsir mümkündür. Qida qəbuluna cavab olaraq, nümunənin bulanıqlığı - yağ hissəciklərinin artması ilə əlaqədar hormon səviyyəsində dəyişikliklər müşahidə olunur.
Həddindən artıq fiziki və emosional gərginlik hormonal və biokimyəvi dəyişikliklərə səbəb olur.
Alkoqol qəbulu - bir çox metabolik proseslərə kəskin və xroniki təsir göstərir.
Siqaret/tütünçəkmə - bir sıra bioloji aktiv maddələrin ifrazını dəyişdirir.
Fizioterapiya, instrumental diaqnostik müayinələr - bir çox laborator parametrlərdə müvəqqəti dəyişikliklərə səbəb ola bilər.
Qadınlarda menstruasiya dövrünün fazası (bir sıra hormonal tədqiqatlar üçün əhəmiyyətlidir, FSH, LH, prolaktin, progesteron, estradiol, 17-OH-progesteron, androstenedion, inhibin, AMH səviyyəsini təyin etmək üçün test etmədən əvvəl optimal günləri həkiminizlə dəqiqləşdirin).
Günün saatları - insan fəaliyyətinin gündəlik ritmləri və buna görə bir çox hormonal və biokimyəvi parametrlərdə dəyişiklıiklər ola bilər.
Referans dəyərlər (normal sərhədlər) – adətən səhər götürülən qan nümünələri üzərindən standartlaşdırılır.
Analiz vermədən öncə tətbiq olunan ümumi qaydalar:
Mümkün gədər, səhər saatlarında, saat 8 ilə 11 arası, acqarına (8-14 saat aclıq, suyun normal qaydada qəbulu, müayinədən bir gün əvvəl qida yüklənməsi qadağandır) qan nümunələri verilə bilir. Qan nümunələri üçün bəzi xüsusi pəhriz və gündəlik tələblər üçün aşağı baxın:
Hər hansı bir dərman qəbul edirsinizsə, dərman qəbul edərkən müayinə edilməsinin məqsədəuyğunluğu və ya müayinədən əvvəl dərmanı dayandırma ehtimalı barədə həkiminizə müraciət etməlisiniz. Dərman qəbulunun dayandırılma müddəti, dərmanın qandan xaric olma müddəti əsasında təyin edilir.
Alkoqol – müayinə ərəfəsində spirtli içki qəbul etməkdən çəkinin.
Siqaret çəkmək – müayinədən əvvəl ən azı 1 saat siqaret çəkməyin.
Müayinə ərəfəsində fiziki və emosional yüklənmələri aradan qaldırın.
Laboratoriyaya gəldikdən sonra qan nümunələri götürməzdən emosional gərgin və ya fiziki olaraq yorğun olmamağınız önəmlidir.
Fizioterapiya prosedurları, instrumental müayinə və digər tibbi müdaxilələrdən qısa müddət sonra laborator müayinəsi üçün qan vermək arzuolunmazdır. Bəzi tibbi prosedurlardan sonra (PSA müayinəsindən əvvəl rektal müayinə və ya prostat biopsiyası kimi) laborator müayinə bir neçə gün təxirə salınmalıdır.
Dinamik laborator müayinələrin təkrarı zamanı nümunəni eyni şəraitdə, eyni laboratoriyada (eyni metodla), günün təxminən eyni vaxtında verilməsi tövsiyə olunur.
Qeyd: Müalicə həkimin göstərişi ilə toxqarına və günün istənilən vaxtında müayinələr qəbul oluna bilər.
Qeyd: Müxtəlif laboratoriyalarda fərqli müayinə metodlarından və ölçü vahidlərindən istifadə oluna bilər.
25210 | 15.08.2024