TEE (Transezofageal Exokardioqrafiya) nədir?
TEE (Transezofageal Exokardioqrafiya) ürəyin və ürək qapaqlarının daha detallı görüntülənməsi üçün istifadə olunan müasir diaqnostik müayinə üsuludur. Standart exokardioqrafiyadan fərqli olaraq, bu prosedur zamanı xüsusi ultrasəs başlığı (prob) ağız yolu ilə qida borusuna yerləşdirilir.
Qida borusu ürəyə çox yaxın yerləşdiyi üçün TEE vasitəsilə ürək strukturlarını daha dəqiq və aydın görmək mümkündür. Bu, xüsusilə standart müayinə ilə görünməyən kiçik detalları aşkar etməyə imkan verir.
TEE hansı hallarda tətbiq olunur?
Həkimlər aşağıdakı vəziyyətlərin diaqnostikasında TEE müayinəsinə ehtiyac duyurlar:
- Ürək qapaq xəstəliklərinin dərəcəsini təyin etmək;
- Ürəkdə tromb (laxta) şübhəsini yoxlamaq;
- Anadangəlmə ürək qüsurlarını araşdırmaq;
- Ürək qişaları və qapaqlarının infeksion proseslərini dəyərləndirmək üçün;
- Aorta damarının xəstəliklərini qiymətləndirmək;
- Ritm pozğunluqlarının səbəbini öyrənmək;
- Ürək əməliyyatlarından əvvəl və sonra nəticələri yoxlamaq.
Müayinə necə aparılır?
Prosedur xəstə üçün rahat və təhlükəsiz şəraitdə həyata keçirilir. İlk növbədə pasiyentin boğazı xüsusi spreylə keyidilir ki, probun keçidi hiss olunmasın. Daha sonra nazik və elastik prob qida borusuna yönləndirilir. Müayinə adətən 15–30 dəqiqə davam edir və pasiyent bütün proses boyu həkim nəzarətində olur.
Müayinədən əvvəl nələrə diqqət edilməlidir?
- Müayinədən əvvəl ən azı 4–6 saat ac qalmaq vacibdir.
- Daimi istifadə etdiyiniz dərmanlar barədə həkimə məlumat verməlisiniz.
- Qida borusu və ya mədə ilə bağlı ciddi probleminiz varsa, bunu öncədən bildirməyiniz tövsiyə olunur.
TEE müayinəsinin üstünlükləri
- Ürəyin yüksək dəqiqliklə görüntülənməsi;
- Gizli trombların və kiçik qüsurların erkən aşkar edilməsi;
- Dəqiq diaqnoz sayəsində müalicə planının düzgün qurulması;
- Cərrahi müdaxilə öncəsi risklərin minimuma endirilməsi.
TEE (Transezofageal Exokardioqrafiya) müayinəsinin aparıldığı filiallarımız:
- Referans Naxçıvan Tibb Mərkəzi: Naxçıvan şəhəri, 11-ci məhəllə (Yeni Naxçıvan, köhnə Kanal 35-in yaxınlığı)
1416 | 18.05.2026
