Urolitiyaz böyrəklərdə və sidik yollarında daşların əmələ gəlməsi patologiyası ilə xarakterizə olunan geniş yayılmış xəstəlikdir. Hər kəsdə və hər yaşda baş verə bilər. Dünyada 30–50 yaş arası əhalinin çoxu xüsusi risk qrupuna daxildir.
Patologiyanın gedişi sidikdə qanın görünməsi ilə müşayiət olunur. Bu hal daşların hərəkəti zamanı sidik kanallarının divarlarının zədələnməsi ilə əlaqələndirilir. Simptomlara iltihab prosesinin ümumi əlamətlərini - hərarətinin yüksəlməsi, baş ağrısı, ürəkbulanma, iştahsızlıq və qusmanı da əlavə etmək lazımdır. Urolitiyaz olduqca təhlükəli xəstəlikdir. Vaxtında müalicə olunmazsa, hidronefroz, kəskin böyrək çatışmazlığı, xroniki hipertrofik sistit, urosepsis və pionefroza səbəb olur.
Terapevtik üsulun seçimi daşların ölçüsündən və xəstəliyin ağırlığından asılıdır. İlk növbədə ağrılar aradan qaldırılır. Kanallar tıxandıqda xəstəyə ağrıkəsicilər və qeyri-steroid dərmanlar təyin edilir. Konservativ müalicə metabolik pozğunluqların düzəldilməsi ilə məhdudlaşır. Bunun üçün xəstəyə pəhriz, spirtli içkilərdən imtina, duz və ədviyyatların miqdarının maksimum məhdudlaşdırılması, su-duz balansına nəzarət təyin olunur. Antibiotiklərlə müalicə qadağandır. Digər qeyri-invaziv üsul ultrasəs müalicəsidir. Şok dalğası litotripsi diametri 2 sm-ə qədər olan daşları parçalayır. Fizioterapiya ilə müalicədə elektrik, işıq, maqnit, mexaniki və termiki üsullardan, hidro və radio müalicədən istifadə edilir. Həmin üsullar xəstəliyin müddətindən asılı olaraq hər xəstə üçün fərdi seçilir. Zərərli vərdişlərdən – siqaret çəkmək, spirtli içkilərdən imtina və aktiv həyat tərzi keçirmək faydalı olar. Bu üsullar təsir etməyəndə, xəstəyə cərrahi müalicə təyin edilir.
Bədən çəkisinə nəzarət və sidik-cinsiyyət sisteminin infeksiyalarını vaxtında müalicə etməklə urolitiyaz riskini azaltmaq mümkündür.

2472 | 13.11.2024
- Rəylər
Загрузка комментариев...