Menopauza

Klimaks və ya menopauza - orqanizmin təbii “yaşlaşma” prosesinin mərhələsidir. Qadında menstruasiya (aybaşı) ardıcıl olaraq 12 ay olmadıqda, klimaksdan söhbət açıla bilər. Klimaksın başlamasına səbəb yumurtalıqların fəaliyyətinin dayanması və qanda qadın cinsi hormonların (estrogen və progesteron) səviyyəsinin aşağı düşməsidir.

Cinsi yetişkənlik, hamiləlik və doğuş kimi, klimaks da qadın orqanizmi üçün təbii hal hesab olunur. Qadınların hamısı klimaks dövründən keçməli olurlar. Fərq yalnız ondadır ki, bütün qadınlarda bu heç də eyni bir vaxtda baş vermir və onlar klimaks dövrünü heç də eyni cür keçirmirlər. Klimaksın gedişi bir çox hallarda mərkəzi sinir sisteminin xüsusiyyətlərindən, qadının sağlamlıq vəziyyətindən, həyat və məişət şəraitindən asılı olur.

Klinikamızın klimakterik pozuntuların müayinə və müalicəsi ilə məşğul olan mütəxəssisləri klimaks dövrünə xas müxtəlif şikayətlərin (tez-tez “istilik gəlməsi”, tərləmə, əhval-ruhiyyənin gah pisləşməsi və gah da yaxşılaşması, ürək cırpınmaları, yuxunun pozulması, cinsi meyilliyin itməsi, diqqətin yayınması) aradan qaldırılmasını, habelə menopauzadan sonra qadınlarda inkişaf edən osteoporoz, ürək-damar xəstəlikləri (ürəyin koroner damar xəstəliyi), bayılmalar (özündən getmələr), venoz tromboemboliyalar, şəkərli diabet, depressiya, demensiya və əqli funksiyanın/yaddaşın pisləşməsinin müalicəsini təmin edir.

Yumurtalıqların aktiv funksiyasının itirilməsi nəticəsində klimakterik dövrdə qadınlarda aşağıdakı hallar tez-tez rast gəlinir: uşaqlıq yolunda quraqlıq, cinsi əlaqə zamanı ağrılar, çətinləşmiş sidiyəgetmə, tezləşmiş sidiyəgetmə, artmış tərləmə, titrəmə və s.

Qadınlarda klimaksın müddəti fərqlənir. Bəzilərində qısa müddət davam etdiyi təqdirdə, digərlərində 10 il də çəkə bilər. Əksər qadınlarda klimaks və onunla bağlı simptomlar və şikayətlər adətən 3-5 il davam edir.